Türkiyənin Trabzonspor klubu braziliyalı yarımmüdafiəçi Fabinyonu transfer etdiyini açıqlayıb.

Klubun məlumatına görə, Superliqa təmsilçisi Səudiyyə Ərəbistanının Əl-İttihad klubunun keçmiş oyunçusu ilə bütün şərtlərdə anlaşma əldə edib və onun transferi rəsmiləşdirilib.

Rəsmi müraciətdə azarkeşlər saat 11:30-da Trabzon hava limanında toplaşmağa çağırılıb. Fabinyo isə fanatlara müraciət edərək özünün də yolda olduğunu və Trabzonda tanış simalarla qarşılaşacağını bildirib.

32 yaşlı futbolçu azad agent olduğundan klub onun keçidi üçün hər hansı transfer haqqı ödəməyəcək.

Fabinyo son klubu Əl-İttihadda 111 matçda meydana çıxaraq 7 qol vurub və 9 məhsuldar ötürmə edib. Karyerası ərzində o, Rio Ave, Real Madrid B, Monako və Liverpool kimi komandaların da formasını geyinib.

Braziliya millisində 36 oyun keçirən Fabinyonun milli komandadakı məhsuldar ötürmə sayı birdir.