Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə anklavlar və eksklavlar məsələsinin uzunmüddətli dinc yanaşı yaşamağı təmin edəcək şəkildə həll olunmalı olduğunu vurğulayıb.
O, bu müzakirələrin sərhəd bölgələrinin sakinləri üçün yeni problemlər yaratmamalı olduğunu bildirib və delimitasiya prinsipinə əsaslanan yanaşmanın davam etdirilməsinin vacibliyini qeyd edib.
Paşinyan İrəvan və Bakı arasında razılaşdırılmış delimitasiya prinsipi çərçivəsində Kərki, Bərxudarlu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını ifadə edib, sözlərini "Bu kəndlər Ermənistan ərazisi deyil" cümləsi ilə tamamlayıb.
Baş nazir həmçinin Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanaraq delimitasiya aparma barədə razılığa gəldiyini xatırladıb. Bəyannamənin sovet respublikalarının inzibati sərhədlərinin dövlətlərarası sərhəd kimi tanınmasını əks etdirdiyini vurğulayıb.
Paşinyan bildirib ki, müvafiq xəritələrə əsasən, Ermənistan-Azərbaycan sərhədinin Tavuş vilayətinin Kirants kəndi yaxınlığındakı bir hissəsi artıq delimitasiya olunub və növbəti mərhələlərin də eyni əsasla davam edəcəyi gözlənilir.