ABŞ Administrasiyası avqustun 24-dən etibarən İrana qarşı genişmiqyaslı maliyyə əməliyyatı həyata keçirməyə başlayıb.
Maliyyə naziri Skott Bessent açıqlamasında tərəfin təzyiqlərin yekun fazasına keçdiyini və bu mərhələnin "D Günü" adlandırıldığını vurğulayıb. O, səhər saatlarından başlayaraq İran əleyhinə tarixdəki ən böyük maliyyə əməliyyatının işə salındığını bildirib.
Bessentin sözlərinə görə, Prezident Donald Tramp müvafiq dövlət strukturlarının, qurumların və resursların hərəkətə gətirilməsi üçün lazım olan bütün şəraiti təmin edib.
Qeyd olunur ki, Tramp daha əvvəl İrana qarşı genişmiqyaslı "iqtisadi müharibə və təcrid" strategiyasının başladığını elan etmiş, Tehranı dəstəkləyən ölkələrin maliyyə təşkilatları, müəssisələr və ya dövlət qurumlarının ciddi iqtisadi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi.
İslam Respublikasının Xarici İşlər Nazirliyi isə ABŞ-ın sanksiya siyasətini bəşəriyyətə qarşı cinayət və "iqtisadi terrorizm" adlandırıb. Nazirliyin bəyanatında bildirilir ki, məhdudiyyət proqramlarını hazırlayan və həyata keçirən ABŞ rəsmiləri qanuni məsuliyyətə cəlb edilməlidirlər.