Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edib.
Sənədin təsdiqi ilə bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinin fərmandan irəli gələn məsələləri həll etmək öhdəliyi göstərilib.
Fərmanda həmçinin mərkəzi icra hakimiyyəti orqanları və publika hüquqi şəxslər üçün normativ hüquqi aktların layihələrinin hazırlanmasında yeni tələblər müəyyən olunub. Prezident və ya Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir göstərəcək normativ hüquqi aktların layihələrini normayaratma orqanına təqdim etməzdən əvvəl Agentliklə razılaşdırmalıdırlar.
Mərkəzi icra hakimiyyəti orqanları ayrıca olaraq özlərinin qəbul etdiyi, həmin sahəyə aid normativ hüquqi aktların Agentliklə razılaşdırılmaqla qəbul olunmasını təmin etməlidirlər. Bu tənzimləmə "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun həyata keçiriləcək.
Fərman oktyabrın 1-dən qüvvəyə minir.