Avqustun 1-dən Azərbaycanda kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə gündəlik maksimum beş əməliyyat limiti tətbiq edilib.

Rəsmi izahatlara görə, yeni qaydalar şəffaflığı artırmaq, fırıldaqçılığın, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısını almaq məqsədi daşıyır. Buna baxmayaraq vətəndaşların gündəlik ödəmələrinə təsiri barədə müzakirələr davam edir.

Xüsusilə sosial şəbəkələr üzərindən satış edən kiçik sahibkarlar və fərdi xidmət göstərənlər — sürücülər, vizajistlər, kosmetoloqlar, fotoqraflar, dizaynerlər, SMM mütəxəssisləri və digər freelancerlər məhdudiyyətlərdən narazıdırlar. Onlar bildirirlər ki, məhdudiyyətlər gündəlik əməliyyatları çətinləşdirə və biznes proseslərini ləngidə bilər.

Tənqidçilər qeyd edirlər ki, problemə daha optimal yanaşmalar tətbiq edilməli, banklar alternativ həllər üzərində işləməlidir. Əks təqdirdə limitlərin davam etməsi vətəndaşları elektron ödənişlərdən geri çəkərək nağd ödənişlərə yönəldə bilər ki, bu da nağd pul dövriyyəsinin və qeyri şəffaf əməliyyatların artması ilə nəticələnə bilər.

Bəzi istifadəçilər sosial şəbəkələrdə kartlardan kütləvi imtina çağırışları səsləndirirlər. Bu cür kütləvi hərəkətin maliyyə və iqtisadi təsirləri barədə suallar qalmaqdadır.

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli problemə risk əsaslı yanaşmanın tətbiqinin daha səmərəli olacağını bildirib. O, tövsiyələrində belə yazıb:

“Məsələn, şübhəli əməliyyat nümunələri avtomatik aşkarlanaraq həmin hesablar daha ciddi yoxlanıla bilər. Eyni zamanda, kiçik sahibkarlar və fərdi xidmət göstərən şəxslər üçün sadələşdirilmiş biznes kartları, aşağı komissiyalı ödəniş həlləri və daha çevik limitlər tətbiq oluna bilər. Banklar da tez-tez təkrarlanan kiçik məbləğli köçürmələri ayrıca qiymətləndirən mexanizmlər qura bilərlər ki, adi gündəlik ödənişlər çətinləşməsin”.

A.Nəsirli əlavə edib ki, vətəndaşların kütləvi şəkildə kartlardan imtina etməsi bir neçə neqativ nəticə doğura bilər:

“Elektron ödənişlərin payı azalar, iqtisadiyyatın şəffaflığı zəifləyər, nağd pul dövriyyəsi artar və vergidən yayınma riskləri yüksələr. Bundan başqa, banklarda dövr edən vəsaitin azalması ödəniş ekosisteminin inkişafına, rəqəmsal xidmətlərə və maliyyə texnologiyalarına da mənfi təsir göstərə bilər. Uzunmüddətli dövrdə insanların elektron ödəniş sistemlərinə etimadının zəifləməsi həm banklar, həm də iqtisadiyyat üçün arzuolunmaz nəticələr yarada bilər”.

Mövzunun davamında həm vətəndaşların narahatlıqları, həm də təhlükəsizlik və şəffaflıq məqsədləri nəzərə alınaraq daha çevik və hədəfli məhdudiyyət mexanizmlərinin inkişaf etdirilməsi müzakirə olunmağa davam edəcək.