Prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla həmin Dövlət Proqramı rəsmən təsdiq edilir və proqramın icrası ilə bağlı müəyyən səlahiyyət və tapşırıqlar verilir.

Nazirlər Kabinetinə bir sıra konkret vəzifələr həvalə olunub. Onlardan ilk qrupa proqramın tələblərinə uyğun olaraq təkliflər hazırlayıb Prezidentə təqdim etmək daxil edilib.

Nazirlər Kabineti altı ay müddətində Dövlət Turizm Agentliyinin göstərişləri əsasında "Turizm haqqında" qanunun təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim etməlidir. Həmçinin üç ay ərzində turizm layihələrinə investisiya təşviqi sənədlərinin verilməsi prosedurlarının və proqramda göstərilən müəyyən subsidiyaların şərtlərinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır.

Nazirlər Kabineti proqram üzrə tədbirlərin əlaqələndirilməsini təmin etməklə onların icrasına nəzarət edəcək və bu tədbirlərin həyata keçirilməsi barədə il ərzində Prezidentə bir dəfə hesabat təqdim edəcək. Eyni zamanda sərəncamdan doğan digər məsələlərin həlli də Nazirlər Kabinetinin vəzifələri siyahısına daxil edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Dövlət Turizm Agentliyinə sərəncamdan irəli gələn tədbirlərin həyata keçirilməsi üçün zəruri tədbirləri görmək tapşırılıb.

Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi isə Dövlət Turizm Agentliyi ilə birgə proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədilə dövlət büdcəsi və dövlət investisiya proqramlarının hazırlanması prosesində zəruri maliyyənin nəzərdə tutulması üçün tədbirlər görməlidirlər.

Saxlanılan tədbirlərin icra vəziyyətinin monitorinqi və qiymətləndirilməsi Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.