Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Rusiya mediasında geniş yer alıb.
Nəşrlər diqqəti həm iki ölkə prezidentləri arasında aparılan danışıqlara, həm də tərəflər arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanmasına yönəldib. Eyni zamanda iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Bakı ilə Daşkəndin birgə həyata keçirmək istədiyi layihələr barədə məlumatlar verilib.
TASS agentliyinin vurğuladığına görə, dövlət başçıları arasında imzalanan sənədlər sırasına Əbədi dostluq müqaviləsi daxil olub. Həmçinin qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollar səviyyəsinə çatdırılması, turizm və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanıb.
İnterfaks agentliyi görüşün nəticələrini və Ali Dövlətlərarası Şuranın üçüncü iclasının gedişatını ətraflı işıqlandırıb. Agentlik yazır ki, tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrini daha da inkişaf etdirmək, sənaye kooperasiyasını gücləndirmək və birgə investisiya şirkətinin imkanlarından geniş istifadə etmək niyyətindədirlər.
Eyni mənbə xüsusilə nəqliyyat əməkdaşlığına diqqət yetirib. Mirziyoyevin açıqlamalarına istinadən Daşkəndin Xəzər regionunda vahid operator və Özbəkistan‑Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olması, eləcə də Orta Dəhliz çərçivəsində birgə donanmanın fəaliyyətə başlamasının sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Vedomosti nəşri münasibətlərin səviyyəsinin yüksəldiyini vurğulayaraq son beş ildə qarşılıqlı ticarətin üç dəfəyədək artdığını qeyd edir. Nəşr enerji, kimya və hasilat sənayesi, tekstil, kənd təsərrüfatı və şəhərsalma sahələrində həyata keçirilən birgə layihələrə və ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlarına diqqət ayırıb.
Rusiya media orqanları səfər çərçivəsində bank‑maliyyə sektoru, neft‑qaz, təhsil, turizm, mənzil tikintisi, dağ‑mədən və kənd təsərrüfatı sahələrində yeni birgə layihələrin başlandığını da yayıblar.
Bəzi nəşrlər İlham Əliyevin nəqliyyat marşrutlarının inkişafı ilə bağlı açıqlamalarını əsaslandırıb. Xüsusilə Azərbaycan ərazisində və Naxçıvan Muxtar Respublikasında Zəngəzur dəhlizinin yaradılması istiqamətində görülən işlər və Ermənistan ərazisində TRIPP layihəsinin həyata keçirilməsi perspektivləri ilə bağlı prezidentin fikirləri nəzərə çatdırılıb.
Materiallarda həmçinin dövlət başçılarının qarşılıqlı təltifetmə mərasimlərinə də yer verilib. Bildirilir ki, İlham Əliyev Özbəkistanın "Oliy Darajali Dustlik" ordeni ilə, Şavkat Mirziyoyev isə "Heydər Əliyev" ordeni ilə təltif olunub.
Rusiya mətbuatı həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrin həyata keçirilməsində Özbəkistanın rolunu qeyd edib. Məqalələrdə Mirziyoyevin Qarabağın bərpasına ilk dəstək verən ölkələrdən biri olduğunu bildirdiyi, 960 şagird yerlik məktəbin tikintisini və iri tikiş istehsalına yatırılan investisiyaları vurğulayan çıxışları da yer alıb.