Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək.

İmtahanda iştirak etmək arzusunda olan şəxslərin müvafiq qurumlar tərəfdən məlumatları mərkəzə təqdim edilib. Namizədlər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün əvvəlcə DİM-in rəsmi saytında "Şəxsi kabinet" yaradılmalı, sonra isə aidiyyəti elektron xidmət vasitəsilə müraciət edilməlidir. "Şəxsi kabinet" yaradıldıqdan sonra namizədlər hesablarına 35 manat məbləğində vəsait əlavə etməlidirlər.

İmtahanda iştiraka görə ödəniş tələb olunur və qeydiyyat aparılıb, lakin imtahanda iştirak etməyən şəxslərə ödənilmiş məbləğ geri qaytarılmır.

Test imtahanı paytaxtdakı elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Qeydiyyat tamamlandıqdan sonra namizədlər "İmtahana buraxılış vərəqəsi"ni imtahana 3 gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar isə nəticəyə mənfi təsir göstərmir. On və daha çox bal toplayan şəxslər imtahanı uğurla vermiş hesab olunacaq və onlara 7 il müddətinə etibarlı şəhadətnamə təqdim ediləcək.