Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xarici vətəndaşlıq qəbul etmiş şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması ilə bağlı məqamı açıqlayıb.

Xidmətin əməkdaşı Kapitan Zəfər Əsgərli tərəfindən verilən izaha görə, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin hələ Azərbaycan vətəndaşlığından çıxmamış çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırıla bilərlər.

Kapitan Əsgərli vurğulayıb ki, başqa ölkənin pasportunun əldə edilməsi avtomatik olaraq Azərbaycan vətəndaşlığının ləğvi anlamına gəlmir və vətəndaşlıq saxlandığı zaman qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərə cavab verən şəxslər xidmətə cəlb edilə bilərlər.

O, həmçinin bildirmişdir ki, Azərbaycan vətəndaşlığından rəsmi olaraq çıxmaq xüsusi hüquqi prosedur tələb edir və bu məsələ ayrıca qaydalarla tənzimlənir.