7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülməsi hadisəsi qeydə alınıb.
Hadisəni yaşayan şəxs sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən pəncərə kənarında əyləşmiş və təxminən bir saat yarımlıq səfər ərzində islanmamaq üçün üzərinə plastik paket örtüb.
Nəqliyyat xidməti tərəfindən verilən məlumata görə, həmin avtobusun soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb. Sürücü nasazlığı aşkar etdikdən sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağına çatdırıb və nəqliyyat vasitəsini təmir üçün depoya təhvil verib.
Bildirilib ki, nasazlığın aradan qaldırılması üçün işlər davam etdirilir və sərnişindaşıma işində fasilə yaranmaması məqsədilə həmin avtobus operativ şəkildə başqa bir nəqliyyat vasitəsi ilə əvəz olunub.