Türkiyəli müğənni Bülənt Ersoy Kuşadasında təşkil edilən konsertində gözlənilməz hadisə ilə üzləşib.

Sənətçi səhhətində problem olduğu üçün səhnəyə gec çıxdığı halda proqramı davam etdirib və çıxışına başlayıb.

Konsert vaxtı zalda oturanlardan biri səslənərək “Saat neçədir?” sualını verib. Bu sözlər Ersoyun narazılığına səbəb olub və o, həmin tamaşaçıya sərt replikalarla cavab verib.

Səhnədə çıxış edərkən Ersoy “Xəstə-xəstə bura çıxdım. İnsanlar gəliblər, ayıb olar deyə çıxdım” deyə bildirib. Daha sonra o, həmin şəxsi hədəf alaraq “Rədd ol get. Lənət olsun” ifadəsini işlədib.

Səhnədəki gərgin anlar digər tamaşaçıların mobil telefonları ilə çəkilib və görüntülər sosial şəbəkələrdə paylaşılaraq geniş müzakirə predmetinə çevrilib.