Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində hava nəqliyyatı sahəsində bir sıra təşviq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Proqramda ölkəyə birbaşa hava əlaqələrinin coğrafiyasının genişləndirilməsi və mövcud istiqamətlər üzrə uçuş tezliyinin artırılması əsas hədəflərdən biri kimi göstərilib. Bu, həm xarici ölkələrlə birbaşa uçuşların sayının çoxaldılmasını, həm də uçuş intensivliyinin yüksəldilməsini əhatə edir.
Sənəddə aviabilet qiymətlərinə əlçatanlığın yaxşılaşdırılması və regionlarda yerləşən hava limanlarının potensialından daha səmərəli istifadə üçün addımların atılması da nəzərdə tutulub. Bunun tərkib hissəsi kimi regional aeroportlara yeni beynəlxalq marşrutların açılması və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi təşviq ediləcək.
Plana uyğun tədbirlərin həyata keçirilməsi turizmə əlçatanlığın yüksəlməsinə, daxili və beynəlxalq hava əlaqələrinin genişlənməsinə və regional infrastrukturdan istifadənin optimallaşdırılmasına xidmət edəcək.