ABŞ-ın Miluoki şəhərində 2018-ci ildə bir incəsənət qalereyasından oğurlanan Pablo Pikassonun qiymətli çapı səkkiz il sonra təsadüfən tapılıb.
Əsərin oğurlandığı vaxtdakı dəyəri 50 000 dollardan artıq göstərilib. Həmçinin bildirilir ki, bu çapın Pikassonun imzası ilə dünya üzrə cəmi 30 nüsxəsi mövcuddur və tapılan iş "Torero" adlanır.
Tapıntı ev sahibi Tim Dertz tərəfindən boşaldılmış mənzildə qeydə alınıb. Kirayəçinin tərk etdiyi əşyaları və evi təmizləyən Dertz divarın qeyri-adi bir hissəsində çərçivəyə salınmış əsəri görüb.
"Sanki üzərində tonlarla toz var idi və orada uzun illər qalmışdı," — deyə Tim Dertz yerli televiziya kanalına müsahibəsində bildirib. O, əsəri dostuna göstərdikdən sonra onun oğurlanmış məşhur Pikasso çapı olduğu məlum olub və dərhal polisə məlumat verilib.
Əsərin satışını həyata keçirən incəsənət satıcısı Bill DeLind tapıntı barədə Miluoki polisindən zəng alanda təəccüb hissi keçirdiyini söyləyib. O, səkkiz il əvvəl çapın birdəfəlik itdiyinə inandığını, tapılmasına inanmaqda çətinlik çəkdiyini bildirib.
Hazırda əsər müvafiq orqanların nəzarətinə verilib və onun oğurlanma faktı ilə bağlı araşdırma davam edir.