Dünyada ən çox gəlir gətirən film franşizlərindən biri olan Karib Dənizinin Quldurları yeni bölüm ilə kinoteatra qayıdacaq.

Layihənin prodüseri Cerri Brukhaymer bildirib ki, Karib Dənizinin Quldurları 6 üzərində rəsmi işlər artıq start götürüb.

Yeni film hekayəsinin mərkəzinə bu dəfə məşhur aktrisa Margo Robbinin canlandıracağı qadın quldur obrazı qoyulacaq. Prodüserə görə, filmdə süjet və personajların istiqaməti köklü şəkildə dəyişəcək.

Kapitan Cek Sərçəni canlandıran Conni Deppin layihəyə qayıtması da gündəmdədir. Brukhaymer aktyorla rəsmi danışıqların başladığını qeyd edib, lakin Deppin çəkilişlərdə yer alıb-almayacağı təqdim ediləcək ssenarini bəyənməsinə bağlıdır.

Müşahidələrə görə, əgər Conni Depp layihədə iştirak edərsə, onun rolu əsas qəhrəman kimi deyil, Margo Robbinin canlandıracağı yeni personaja bələdçilik edən və hadisələrin gedişatına mühüm təsir göstərən açar köməkçi obraz olacaq.

Hazırlıq prosesinin gedişi və dəqiq heyət barədə əlavə məlumatlar hələ açıqlanmayıb.