Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə Yerasxdan (Arazdəyən) Naxçıvan (Azərbaycan) sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər olan hissələrdə infrastrukturun tikintisi və bərpasının tamamilə Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcəyini açıqlayıb.
Paşinyan hökumətin bu işi xarici özəl və ya dövlət vəsaitlərinə arxalanmadan reallaşdıracağını vurğulayıb və layihələrin maliyyələşdirilməsinin ölkə tərəfindən həyata keçiriləcəyini təsdiqləyib.
O, həmçinin Ermənistan tərəfinin layihələrə sərmayə qoymasının digər tərəflərin layihədən çıxması və ya kənarlaşdırılması demək olduğu iddialarını rədd edib və bu barədə əlavə şərh verib:
"Bu, Rusiya tərəfinin iştirakdan imtina etməsi və ya kənarlaşdırıldığı anlamına gəlmir. Sadəcə tikintinin Ermənistanın dövlət büdcəsindən maliyyələşdiriləcəyi deməkdir. Hökumət öz ərazisindəki infrastrukturun müəyyən hissələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün məsuliyyəti öz üzərinə götürür."