Hüquq müdafiəçisi Rüfət Səfərovun xuliqanlıq və dələduzluq ittihamları üzrə apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyərək, əvvəlki qərar dəyişdirilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Əvvəlki məhkəmə qərarına əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2024-cü il dekabrın 3-də saxlanıb.
İttihama görə, Səfərov Novxanıda bağ satışı ilə bağlı olaraq zərərçəkən Natiq İmaquliyevdən 60 min manatdan artıq məbləğ alıb, ancaq vədə əməl etməyib. Bu mübahisə zamanı Natiq İmanquliyev onun qarajına gedərək aralarında mübahisə düşüb və nəticədə həmin şəxs xəsarət alıb.
Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə az ağır zərər vurma) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittihamlar irəli sürülüb.