12–16 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, "Vikimedia Azərbaycan" istifadəçi qrupunun təşkilatçılığı və "Azərsun Holdinq"in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan "Viki Mingəçeviri sevir" beynəlxalq düşərgəsi keçirilib.
Beş gün davam edən layihənin əsas məqsədi Azərbaycan Vikimedia icmasının fəal üzvlərini və regional viki-icmaları toplayaraq bilik və təcrübə mübadiləsini dəstəkləmək, eləcə də Azərbaycan dilində Vikipediyanın məzmun və keyfiyyət göstəricilərini yaxşılaşdırmaq olub. Düşərgədə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan təxminən 20 təcrübəli vikipediyaçı iştirak edib.
Proqram çərçivəsində Vikipediyanın 25 illiyi boyunca əldə etdiyi təcrübə nəzərdən keçirilib, təhsildə Vikipediyanın tətbiqi, mənbələrlə işləmə və neytrallıq prinsipləri mövzularında məruzələr və təlimlər təşkil olunub. Həmçinin Viki-layihələrdə süni intellektin, qadcetlərin və akademik informasiya platformalarının istifadəsi barədə təqdimatlar keçirilib.
Regional təcrübələr və türkdilli dövlətlərin viki icma layihələrinin uğurlu modelləri müzakirə olunub, eləcə də "Vikimaniya 2026 (Paris)" tədbirində təqdim olunan yeniliklər paylaşılıb. Düşərgədə həm nəzəri, həm də praktiki fəaliyyətlərə yer verilib.
Keçirilən editatonlar nəticəsində Azərbaycan gəncləri, idman və Mingəçevir mövzularında 512 yeni məqalə yaradılıb və 4000-dən çox redaktə icra edilib.
İştirakçıların asudə vaxtının daha faydalı keçməsi üçün kanoe və avarçəkmə bazası ilə tanışlıq, praktiki kanoe sürüşləri, həmçinin "Nə? Harada? Necə?" (NHN) və "Brain Ring" intellektual yarışları təşkil olunub. Tədbirin yekununda fəal iştirakçılara sertifikatlar təqdim edilib, müxtəlif müsabiqələrin qaliblərinə isə "Azərsun Holdinq" tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
Qeyd olunub ki, "Azərsun Holdinq" gənclərin inkişafı və açıq bilik resurslarının zənginləşdirilməsi sahəsində "Vikimedia Azərbaycan" ilə əməkdaşlığı davam etdirir. Əvvəlki əməkdaşlıq layihəsi olan "Vikisun" çərçivəsində holdinq əməkdaşları tərəfindən hazırlanmış təxminən 5 000 məqalə Vikipediyaya yerləşdirilib.
"Viki Mingəçeviri sevir" düşərgəsinə şirkətin sponsorluq dəstəyi Azərbaycan dilində rəqəmsal bilik bazasının zənginləşdirilməsinə yönələn növbəti töhfə hesab edilir.