2008-ci ildən fəaliyyət göstərən və texnoloji ömrünü tamamlayan Türksat 3A peykindən yayımların yeni nəsil peyklərə köçürülməsi tamamlanıb.

Nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu bildirib ki, avqustun 15-dən 16-na keçən gecə həyata keçirilən əməliyyat zamanı 573 televiziya və 215 radio kanalı Türksat 4A peykinə keçirilib.

Nazirin açıqlamasına görə, təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib və beləcə yayımların yeni peyk üzərindən davam etməsi təmin olunub.

Türksat 4A peykinə keçid üçün avadanlıq parametrləri belədir:

Peyk: TÜRKSAT 4A Tezlik: 12245 MHz Polarizasiya: H (Üfüqi) Simvol tezliyi: 27500 Modulyasiya: DVB-S2 8PSK FEC: 5/6

Qeyd edək ki, dünəndən etibarən ölkə daxilində çanaq antenləri vasitəsilə Türkiyə televiziya kanallarının qəbulunda problemlər yaşandığı ilə bağlı müraciətlər daxil olmuşdu. Bu keçid yeni parametrlərə uyğunlaşma tələb edir.