17 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Azərbaycanın Macarıstanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova ilə görüşüb.
Fondun rəhbəri səfiri təyinatı münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı türk xalqlarının mədəni irsinin qorunması, onun araşdırılması və təbliği ilə bağlı mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin Fondun qarşıdakı dövr üçün prioritet hesab etdiyi istiqamətlər və türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq səviyyədə daha geniş təqdim olunmasına yönəlmiş yeni təşəbbüslər barədə fikir mübadiləsi edilib.
Aktotı Raimkulova Macarıstanın Fondun müşahidəçi dövləti olduğunu xatırladaraq həmin ölkədən olan təmsilçilərin təşkilatın müxtəlif layihələrində iştirak etdiklərini və əməkdaşlığın genişləndirilməsinin prioritetlərdən biri olduğunu bildirib.
Esmira Cəfərova Fondun çoxşaxəli fəaliyyətinə yüksək qiymət verib və iki tərəf arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.