ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bal zalının tikintisini Ali Məhkəmənin qərarı çıxana qədər tamamlamayı planlaşdıraraq işləri sürətləndirmək məqsədilə 250 işçini layihəyə cəlb edib.

Mənbənin məlumatına görə, həmin işçilər həftənin yeddi günü, gündə 20 saat olmaqla tikinti işlərində çalışırlar. Administrasiya məhkəməyə bildirib ki, bu həftə ərzində 450 tondan çox armaturun quraşdırılması və təqribən 2,3 min kubmetr betonun tökülməsi nəzərdə tutulur.

Bir neçə federal məhkəmə prezidentin Konqresin razılığı olmadan işə başlayaraq səlahiyyətlərini aşdığı barədə qərar verib. Hazırda məsələ Ali Məhkəmənin nəzərindən keçir.

Ağ Evin İnzibati İdarəsinin rəhbəri Coşua Fişer tikintinin vəziyyəti ilə bağlı deyib: "Hazırkı irəliləyişi nəzərə alsaq, tikinti işləri artıq çox irəli gedib və onu dayandırmaq qeyri-mümkündür".

O əlavə edib ki, hətta Ali Məhkəmə binanın planlarının dəyişdirilməsi və ya sökülməsi barədə göstəriş versə belə, bu artıq həyata keçirilə bilməyəcək. Fişer bildirib ki, armaturun quraşdırılması və betonun tökülməsi işlərinin 80 faizi tamamlanıb, binanın hündürlüyü təxminən 21 metrə çatıb və onun altında beş mərtəbə qədər dərinlik qazılıb.

Fişerin təqdim etdiyi qiymətləndirməyə görə, ümumilikdə tikintinin təxminən 65 faizi yerinə yetirilib.

2025-ci ilin dekabrında qəbul olunan plana görə, Ağ Evin şərq hissəsində inşa olunan bal zalının 2028-ci ilin yayına qədər başa çatdırılması nəzərdə tutulur. Yeni bina 650-yə qədər insanı qəbul edə biləcək və tikintinin Trampın prezidentlik müddəti bitənə qədər yekunlaşdırılması planlaşdırılır.