Tom Hollandın yeni “Hörümçək adam: Yeni bir gün” filmi aktyorun şəxsi gəlirləri baxımından diqqət çəkir. 30 yaşlı ulduzun bu layihədən əldə edəcəyi məbləğin 100 milyon ABŞ dollarını ötəcəyi gözlənilir.

Aktyorun baş rol üçün alınacağı baza ödənişin 20 milyon dollar civarında olduğu bildirilir. Bu məbləğ Hollandın 2021-ci ildə çəkildiyi “Hörümçək adam: Evə dönüş yoxdur” filmindən aldığı qonorarın təxminən iki qatıdır.

Filmin kassadakı uğuruna bağlı bonuslar və digər əlavə ödənişlər də nəzərə alınanda, Hollandın yekun gəlirinin 100 milyon dollar həddini aşa biləcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci ildə göstərilmiş “Hörümçək adam: Evə dönüş yoxdur” filmi dünya miqyasında 2 milyard dollardan artıq gəlir əldə etmişdi.

Tom Hollandın Piter Parker obrazı Marvel Kinematoqrafiya Kainatında digər aktyorların yaratdığı versiyalardan daha uzun müddət ekranlarda qalmış nümunələrdəndir.

Hollandın əvvəlki “Hörümçək adam” layihələrindən aldığı qonorarlar da diqqətəlayiqdir: 2017-ci ildə çıxan “Hörümçək adam: Evə qayıdış” filmində 500 min dollar, 2019-cu il istehsalı “Hörümçək adam: Evdən uzaqda” üçün 4 milyon dollar, 2021-ci il filmi üçün isə 10 milyon dollar qonorar almışdı.