Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir. Anar Bayramov müvafiq əmrlər imzalayaraq bir neçə struktur və kadr dəyişikliyi həyata keçirib.
Əmrə əsasən təşkilati strukturda dəyişiklik edilərək Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Bu şöbənin müdiri vəzifəsinə Bayramov Atilla-Turan Nuru oğlu təyin edilib.
Müraciətlərlə iş departamenti İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Bu birləşmə çərçivəsində Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən Hüseynov İlham Həqiqət oğlu azad edilib. Yeni İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri Bayramov Elvin Fikrət oğludur.
Bundan başqa, Təlim və tədqiqatlar departamentinin rəhbəri Mirzəbəyli Teymur Adışirin oğlu vəzifəsindən azad edilib. Onun yerinə Əfəndiyeva Elza Rafiq qızı həmin departamentin rəhbəri təyin olunub.
Qeyd edilən əmrlər 17 avqust 2026-cı il tarixində imzalanıb və strukturdakı dəyişikliklər rəsmi olaraq qüvvəyə minib.