Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin həyata keçirdiyi yoxlama zamanı “Medicare” klinikasında bir sıra ciddi qayda pozuntuları aşkarlanıb.
Yoxlama nəticəsində müəssisədə qeydiyyatdan keçməmiş, yararlılıq müddəti bitmiş, uyğun temperatur rejiminə əməl edilmədən və qismən qablaşdırılmamış formada dərman vasitələrinin saxlanıldığı müəyyən edilib.
Müfəttişlər həmçinin klinikada lisenziya çərçivəsinə daxil olmayan “ginekoloji” xidmətlərin və ekstrakorporal mayalandırma (IVF) prosedurlarının yerinə yetirildiyini müəyyən ediblər.
Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurlar üçün istifadə olunan tibbi avadanlıqların istehsal mənşəyi və onların qeydiyyatda olub-olmaması müəyyən edilə bilməyib.
Araşdırma zamanı həmin mərkəzdə fəaliyyət göstərən bəzi şəxslərin tibb bacısı ixtisas sənədlərinin olmadığı da aşkarlanıb.
Yoxlamanın yekununda klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 221.10-cu maddələri üzrə protokol tərtib edilib və müəssisəyə 6 000 manat məbləğində cərimə tətbiq olunub.