Misli Premyer Liqasının I turunda keçirilən “Sumqayıt” – “Neftçi” qarşılaşmasında birbaşa qırmızı vərəqə alan Səbuhi Abdullazadə 5 oyunluq diskvalifikasiya olunub.
Qərar AFFA İntizam Komitəsinin iclasında qəbul edilib. Futbolçunun təcavüzkar davranışı səbəbindən tətbiq olunan intizam sanksiyasına əlavə olaraq “Sumqayıt” klubu 3 000 manat məbləğində cərimə edilib.
Həmin matçda “Neftçi”nin dörd futbolçusu sarı vərəqə alıb və klub 700 manat cərimələnib. Eyni turun başqa görüşündə, “Qarabağ” – “Şamaxı” matçında qonaq komandanın dörd oyunçusunun sarı vərəqə almasından sonra həmin komanda da 700 manat cərimə olunub.
Qeyd edək ki, “Sumqayıt”ın kapitanı Abdullazadə meydandan çıxarkən stadionun qapısını sındırıb və oradan düşən şüşə onun ayağına dəyərək ciddi xəsarətə səbəb olub.