Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabil olaraq qiymətləndirilir və əhali arasında xəstəliyin yayılması müşahidə olunmur.

Hadisə Alıuşağı kəndində qeydə alındıqdan dərhal sonra aidiyyəti qurumlar tərəfindən zəruri epidemioloji və profilaktik tədbirlər həyata keçirilib.

Aparılan araşdırmalar zamanı xəstə ilə təmasda olmuş şəxslər müəyyən edilib, onlar tibbi müşahidəyə götürülüb və lazımi laborator müayinələrdən keçirilib. Hadisənin baş verdiyi təsərrüfatda da epizootoloji və epidemioloji yoxlamalar aparılaraq laborator nümunələr götürülüb.

Müşahidə və laborator analizlərin nəticələrinə görə 15 avqust 2026-cı il tarixindən etibarən yeni yoluxma halı qeydə alınmayıb.

Xəstəlik aşkar edilmiş şəxslər müvafiq tibb müəssisəsində müalicə alır, onların təmasda olduqları şəxslər üzərində isə əlavə tibbi nəzarət və profilaktik tədbirlər davam etdirilir. Təmasda olanlar arasında yeni yoluxma faktı müəyyən edilməyib.

Aidiyyəti qurumlar xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə profilaktik və əks-epidemik tədbirlər görür və epidemioloji vəziyyətə nəzarəti davam etdirirlər.

Qarayara adətən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxuma və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir; insandan-insana ötürülməsi isə çox nadir hallarda baş verir.