Prezident İlham Əliyev iki beynəlxalq sənədi təsdiqləyib.
2026-cı il iyunun 22-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş” dövlət başçısının fərmanı ilə qüvvəyə minməsi üçün təsdiq olunub.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini İqtisadiyyat Nazirliyi təmin edəcək. Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün vacib olan dövlətdaxili prosedurların tamamlandığı barədə Türkmənistan Hökumətinə rəsmi bildiriş göndərməlidir.
Həmçinin Prezident digər fərmanla 22 iyun 2026-cı il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının icrasına Müdafiə Nazirliyi cavabdeh olacaq. Xarici İşlər Nazirliyi bu sənədin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan tərəfinə məlumat verməlidir.