Piyada keçidində yol hərəkəti qaydalarına riayət olunmaması qəza ilə nəticələnib.
Hadisənin görüntülərində görmək olur ki, bir zolaqda dayanmış avtomobil piyada üçün yol verir. Lakin piyada digər zolaqdakı vəziyyəti nəzərə almadan, qaçaraq keçməyə davam edir və həmin zolaqda hərəkət edən maşınla toqquşur.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib ki, görüntülər yol hərəkətində bir anlıq tələskənliyin nə dərəcədə ciddi təhlükə yarada biləcəyini göstərir.
O, vurğulayıb ki, piyada keçidində üstünlük verilməsi təhlükəsizliyi tam təmin etmir və yolun bir zolağında dayanmış avtomobilin olması o demək deyil ki, digər zolaqda da hərəkət dayanıb.
Rövşən Tağıyev xüsusilə çoxzolaqlı yollarda piyadaların hər bir zolağa daxil olmamışdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürətini və məsafəsini düzgün qiymətləndirməli, sürücülərin onları gördüyünə əmin olmalı və yolu qaçaraq keçməkdən çəkinməli olduqlarını bildirib.
O həmçinin sürücülərə xəbərdarlıq edərək deyib ki, piyada keçidinə yaxınlaşanda qonşu zolaqdakı avtomobilin sürətinin azalması və ya dayanması təsadüfi hal kimi qəbul edilməməlidir; görünməyən yerdən piyada çıxa biləcəyini nəzərə alaraq sürət uyğun seçilməlidir.
Rövşən Tağıyev qeyd edib ki, yol hərəkətində üstünlük hüququ təhlükəni avtomatik aradan qaldırmır və məqsəd kimin haqlı olduğunu sübut etmək deyil, təhlükəli vəziyyətin yaranmasının qarşısını almaqdır. Bir neçə saniyə gözləmək, ətrafı bir daha yoxlamaq və qarşı tərəfin sizi gördüyünə əmin olmaq bəzən ağır nəticələrin qarşısını alır.