Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Nəsimi rayonu, M.Cəfərov 12 ünvanında fəaliyyət göstərən "Mərcan Medicare" klinikasında yoxlama aparıb və ciddi qanun pozuntuları aşkarlanıb.

Yoxlama zamanı müəssisədə dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin, istifadə müddəti bitmiş preparatların və müvafiq temperatur rejiminə əməl edilmədən, qismən qablaşdırılmamış halda saxlanıldığı müəyyən edilib.

Eyni zamanda, klinikada lisenziyanın əhatə etmədiyi ginekoloji xidmətlərin və ekstrakorporal mayalandırma (IVF) prosedurlarının həyata keçirildiyi üzə çıxıb.

Sonsuzluq Mərkəzində ekstrakorporal prosedurlar üçün nəzərdə tutulmuş tibbi avadanlıqların istehsal mənşəyi və qeydiyyat vəziyyəti müəyyənləşdirilə bilməyib. Həmçinin mərkəzdə tibb bacısı şəhadətnaməsi olmayan şəxslərin çalışdığı da müəyyən edilib.

Yoxlamanın nəticəsinə uyğun olaraq müəssisə barədə İnzibati Xətalar Məcəlləsinin 215.1, 221.1 və 221.10-cu maddələri üzrə protokol tərtib olunub və klinikaya 6 000 manat məbləğində cərimə tətbiq edilib.

Klinikanın qanuni təmsilçisi Hüseynova Simuzər Elqar qızıdır.