Avqustun 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Kitabxanada yazar və naşirləri bir araya gətirən görüş keçirilib.
Tədbildə nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabrda planlanan XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar əsas müzakirə mövzusu olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nəşrlərin satın alınması prosesinin Komissiya tərəfindən şəffaf şəkildə təşkil edildiyini vurğulayıb. O, Nəşr planının tərtibi işlərinin davam etdiyini və kitabxana fondlarında uşaq ədəbiyyatı ilə yanaşı akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına üstünlük verildiyini qeyd edib.
Göstərilib ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi 21-27 oktyabr tarixlərində uşaqlara ithaf olunacaq və bu ilki tədbir “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə keçiriləcək. Sərgidə iştirak üçün qeydiyyat sentyabr ayının sonunadək davam edəcək.
Kitabxana sahəsində islahatların məqsədi xidmət səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması və oxucuların kitaba daha asan çıxışının təmin edilməsi kimi göstərilib.
Tədbir iştirakçıları — naşirlər və yazarlar — kitabxana sahəsində aparılan yeniliklərin əhəmiyyətini qeyd edib və həyata keçirilən tədbirlərə dəstək ifadə ediblər.