Avqustun 19-da Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Kitabxanada yazar və naşirlərin iştirakı ilə görüş keçirilib.
Tədbirdə nazirlik tərəfindən nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabrda təşkil olunacaq XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində həyata keçirilən islahatlar müzakirə mövzusu olub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov görüşdə çıxış edərək Nəşr planının tərtibi və nəşriyyat məhsullarının alınması işlərinin Komissiya tərəfindən şəffaflıq prinsiplərinə uyğun həyata keçirildiyini bildirib. O, kitabxana fondlarında uşaq ədəbiyyatının, həmçinin akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına xüsusi önəm verildiyini vurğulayıb.
Xəbərdə göstərilib ki, oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi bu dəfə uşaqlara həsr olunacaq və “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil olunacaq. Sərgidə iştirak üçün qeydiyyat sentyabr ayına qədər davam edəcək.
Kitabxana xidmətlərinin yenilənməsindən danışan Fərid Cəfərovun sözlərinə görə, aparılan islahatların əsas məqsədi kitabxanalarda xidmət səviyyəsinin müasir tələblərə uyğunlaşdırılması və oxucuların kitaba əlçatanlığının genişləndirilməsidir.
Görüş iştirakçıları — naşir və yazarlar — kitabxana sahəsində həyata keçirilən təkmilləşdirmələrin əhəmiyyətini qeyd edərək bu prosesə dəstək göstərdiklərini ifadə ediblər.