Laçındakı “Simurq” kitabxanası ilə bağlı bəzi şəxslərdə çaşqınlıq yarandığı bildirilib; bu təşkilatın dövlət kitabxanası deyil, özəl təşəbbüs olduğu vurğulanıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla keçirilən görüş zamanı kitabxananın statusu barədə açıqlama verib. O, “Simurq”un dövlət tərəfindən yaradılan kitabxana olmadığını, şəxsi təşəbbüs əsasında fəaliyyət göstərdiyini qeyd edib.
Nazir müavini qeyd edib ki, dövlət qurumu kimi belə təşəbbüslərə dəstək göstərilir və bu çərçivədə “Simurq” kitabxanasının bütün kitab fondu Mədəniyyət Nazirliyi tərəfindən təmin olunub. Həmçinin bildirib ki, nazirliyin özəl kitabxanalarla münasibətdə qanunvericilik çərçivəsində mövcud dəstək mexanizmləri var və bu mexanizmlərdən biri məhz kitab fondunun zənginləşdirilməsidir.
Fərid Cəfərov əlavə edib ki, “Simurq” açıldığı gündən nazirlik tərəfindən mümkün qədər yardım olunub və kitabxana ilə bağlı məsələləri ümumi proseslərin mənzərəsi fonunda düzgün qiymətləndirmək lazım gəlir.