Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin (KOBİA) Əsasnaməsini və strukturunu təsdiq edib.

Bu qərara əsasən dövlət başçısı yeni fərman imzalayıb və Nazirlər Kabineti həmin fərmandan doğan məsələləri həyata keçirməlidir.

Fərmana uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və publik hüquqi şəxslər — Prezident və ya Nazirlər Kabineti tərəfindən yaradılmış, dövlət mülkiyyətinə məxsus və ya paylarının nəzarət zərfi dövlətə aid olan təşkilatlar — mikro, kiçik və orta sahibkarlıq, investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrini normayaratma orqanına təqdim etməzdən əvvəl "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Agentliklə razılaşdırmalıdırlar.

Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanları özlərinə aid sahə üzrə qəbul etdikləri normativ hüquqi aktların Agentliklə razılaşdırılmasını təmin etməlidirlər.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft-qaz sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətlərində fəaliyyət göstərəcək, sahibkarların maraqlarının qorunmasında, habelə dövlət orqanları və sahibkarlar arasında xidmətlərin əlaqələndirilməsində rol oynayan İqtisadiyyat Nazirliyinin tərkibində olan qurumdur.

Agentlik öz fəaliyyətində Konstitusiyanı, ölkənin qoşulduğu beynəlxalq müqavilələri, yerli qanunvericiliyi, İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, öz Əsasnaməsini, Prezidentin və Nazirlər Kabinetinin sərəncam, qərar və fərmanlarını, eləcə də Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

KOBİA digər dövlət orqanları, yerli özünüidarəetmə strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, o cümlədən hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərəcək.

Agentliyin müstəqil balansı, dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri və adı həkk olunmuş möhürü, kargüzarlıq üçün gerbsiz möhürü, müvafiq ştampları və blankları olacaq.

Agentliyin saxlanma xərcləri, fəaliyyəti və maddi-texniki təminatı dövlət büdcəsi, müəyyən hallarda büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.

Agentlik Bakı şəhərində yerləşir və təsdiq olunan fərman oktyabrın 1-dən qüvvəyə minir.