Kenyada turistləri daşıyan helikopter ağır qəza nəticəsində dağılıb.

Hadisə yerli vaxtla saat 09:13 radələrində ölkənin mərkəzində yerləşən Samburu dairəsində qeydə alınıb.

Qəza Ololokwe dağının ətəyində, dəniz səviyyəsindən təxminən 2000 metr yüksəklikdə, Kiriş məntəqəsi yaxınlığında baş verib.

Nəticədə 1 pilot və 6 əcnəbi turist olmaqla ümumilikdə 7 nəfərin həyatını itirdiyi bildirilib.

Şahidlər helikopterin sürətlə vadiyə doğru enməyə başladığını, yerə çırpıldıqdan dərhal sonra isə güclü yanğın çıxdığını qeyd ediblər. Yanğın meşəlik və kolluq ərazilərə sürətlə yayılıb, aparat tamamilə yanaraq kül olub.

Sosial şəbəkələrdə dağın ətəyindən qalxan qara tüstünün görüntüləri yayımlanıb.

Hadisə meydanının dağlıq, qayalı və mürəkkəb relyefli olması səbəbindən ilkin qiymətləndirmə və cəsədlərin yerinin müəyyənləşdirilməsi üçün əvvəlcə dronlar yerinə göndərilib. Hal-hazırda çoxsaylı dövlət qurumlarının iştirakı ilə koordinasiyalı xilasetmə və təxliyə işi aparılır.

Qəzanın dəqiq səbəbi hələ müəyyənləşdirilməyib; texniki nasazlıq və qəfil hava dəyişiklikləri kimi ehtimallar araşdırılır.