Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, abituriyentlər “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil olaraq qəbul olmaq istədikləri ixtisasları təsdiq etməlidirlər.

19 avqust saat 17:35-ə qədər 84 487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Eyni zamanda 1 500-dən artıq namizəd ixtisasları seçib və ərizələrini saxlayıb, lakin təsdiq prosesini tamamlamayıb.

Təsdiqləməyən abituriyentlərin “Şəxsi kabinet”lərindəki mobil nömrələrinə bu barədə xəbərdarlıq məqsədilə SMS göndərilib. Qeyd olunub ki, müsabiqədə iştirak hüququ yalnız ərizəsini təsdiq etmiş şəxslərə şamil edilir.

Abituriyentlərə tövsiyə olunur ki, göstərilən müddət ərzində ərizələrini təsdiqləsinlər, çünki sabah bu məsələ ilə bağlı daxil olan müraciətlərə baxılmayacaq.

Hər bir namizəd istədiyi vaxt yenidən elektron ərizəsinə daxil olub təsdiqin həyata keçirilib-keçirilmədiyini yoxlaya bilər.