İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-a məxsus silah istehsalı obyektinə zərbə endirdiyini və həmin qurğunun komandirinin öldürüldüyünü açıqlayıb.
Açıqlamada bildirilir ki, əməliyyat Maqazi bölgəsində həyata keçirilib və zərbə nəticəsində HƏMAS-ın silah istehsalı obyektinin komandiri İsmayıl Əbu Fula zərərsizləşdirilib. Həmin obyektə də birbaşa vurulub.
SAXAL komandirin HƏMAS-ın hərbi qanadı üçün partlayıcı qurğuların və tank əleyhinə raketlərin hazırlanmasında fəal iştirak etdiyini bildirib.
Mətbuat xidməti əlavə edib ki, vurulan obyekt beynəlxalq təşkilatın idarə etdiyi humanitar yardım paylama məntəqəsinə yaxın yerləşirmiş. Qurum bu halları HƏMAS-ın mülki infrastrukturdan, o cümlədən humanitar yardım mərkəzlərindən hərbi hazırlıq və əməliyyatlar üçün sistemli istifadə etməsinin yeni nümunəsi hesab edib.
İsrail ordusu həmçinin vurğulayıb ki, HƏMAS atəşkəs öhdəliklərini sistematik şəkildə pozur, hərbi potensialını bərpa etməyə və qüvvələrini gücləndirməyə çalışır.
SAXAL zərbədən əvvəl əhalinin xəbərdar edildiyini, mümkün zərərləri azaltmaq məqsədilə yüksək dəqiqlikli sursatlardan və havadan müşahidə daxil olmaqla əlavə tədbirlər görüldüyünü bildirib.