İsmayıllı rayonunun Diyallı kəndində yerləşən “Qızıl Farel” restoranında baş verən hadisə barədə restorana ciddi şikayət daxil olub.
Şikayətçi Ülviyyə İskəndərova bildirib ki, iyulun 31-də “National Group” şirkətinin təşkil etdiyi Şəki turu çərçivəsində 16 nəfərlik qrup həmin restorana baş çəkib. Sifarişlər arasında ət və toyuq langet, kənd sayağı kartof, manqal salatı və qızardılmış çupra yer alıb.
Müraciətdə iddia olunur ki, manqal salatından toyuq sümüyü çıxdığı, kartofun təzə hazırlandığına inam olmadığı və üzərində əvvəlcədən qalmış ketçup və mayonez qalıqları olduğu, həmçinin qızardılmış çupranın kəskin iy verdiyi bildirilib.
Şikayətçinin sözlərinə görə, restoranda çalışanlara etiraz etdikdə onlardan biri “Biz sizi bura dəvət etməmişdik, gəlməzdiniz” cavabını verib. Məsələnin ardınca mübahisə dərinləşib və restoran ərazisində olan şəxslərdən birinin şikayətçi qadına yaxınlaşaraq təhqiramiz ifadələr işlətdiyi və ona hücum etməyə çalışdığı iddia olunur.
Hadisə zamanı şikayətçinin telefonunun yaxın olmaması səbəbindən həmin anı videoçəkilişə almaq mümkün olmayıb.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini və araşdırmanın nəticələrinə qədər məsələnin izlənəcəyini bildirir.
Səsləndirilən iddialarla bağlı restoran və digər tərəflərin mövqeyi hələ məlum deyil; qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.