Ermənistan hökuməti 2026–2031-ci illəri əhatə edən Fəaliyyət Proqramında Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını prioritet sahə kimi müəyyən edib.
Sənəddə bildirilir ki, Azərbaycanla sülhün institutlaşdırılması istiqamətində dövlətlər arasında “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün qurulması və dövlətlərarası münasibətlər haqqında” Sazişin imzalanması və ratifikasiyası təmin ediləcək. Həmçinin iki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası üzrə işlər davam etdiriləcək.
Proqramda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri ilə biznes dairələri arasındakı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli ticarətin canlandırılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün tədbirlərin görüləcəyi qeyd olunur.
Türkiyə ilə münasibətlərdə isə prioritetlər arasında diplomatik əlaqələrin bərpası, Ermənistan-Türkiyə sərhədinin açılması və ən azı iki müasir buraxılış məntəqəsinin işə salınması yer alır. Bununla yanaşı nəqliyyat, enerji və rəqəmsal infrastrukturun yenidən işə salınması və genişləndirilməsi, həmçinin ikitərəfli və çoxtərəfli ticarətin təşviqi planlaşdırılır.