Elektron ixtisas seçimi prosesi başa çatıb və I turda 90 mindən çox abituriyent və subbakalavr seçimlərini təsdiqləyib. Təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi təqdim olunan rəqəmlərə əsaslanaraq müsabiqədə kəsiləcək namizədlərin sayını açıqlayıb.
I ixtisas qrupu üzrə RK alt qrupunda 12710 plan yerinə 12622, Rİ alt qrupunda isə 7440 plan yerinə 10999 abituriyent müraciət edib. Ümumilikdə I qrup üçün 20150 plan yerinə qarşı 28924 nəfər elektron seçim edib ki, bunun nəticəsində 8774 nəfərin müsabiqədən kənarda qalacağı proqnozlaşdırılır.
II ixtisas qrupunda 16030 plan yeri uğrunda 13944 nəfər ilkin müraciət edib, ümumilikdə isə 20783 abituriyent və subbakalavr seçimlərini təsdiqləyib. Bu göstəricilər II qrupda 4753 nəfərin müsabiqədə uğursuz olacağı nəticəsinə gətirib çıxarır.
III ixtisas qrupu üzrə DT alt qrupunda 13373 plan yerinə qarşı 24653, TC alt qrupunda isə 2180 plan yerinə qarşı 11142 abituriyent mübarizə aparır. Ümumi olaraq 15553 plan yerinə qarşı 23579 nəfərin seçim etməsi III qrupa daxil 8026 nəfərin kəsiləcəyi anlamına gəlir.
IV qrupda 5048 plan yerinə qarşı 5419 nəfər müraciət edib, ümumi təsdiq sayı 6746 olub və buna əsasən 1698 nəfərin müsabiqədən çıxacağı bildirilir.
V ixtisas qrupunda 4735 plan yerinə qarşı 10840-dan çox abituriyent seçim edib; bu qrup üzrə təxminən 6105 nəfərin müsabiqəni keçməyəcəyi proqnozlaşdırılır.
Ekspertin hesablamalarına görə, I tur üzrə ümumilikdə təxminən 29356 nəfərdən çox abituriyent və subbakalavr müsabiqədən kənar qala bilər. Nəticələrin növbəti 4–5 gün ərzində açıqlanacağı gözlənilir.
Müsabiqədə uğur qazanmayanlar ikinci turda boş qalan yerlər yarandığı halda yenidən iştirak edə biləcəklər. Həmçinin onlar 11 illik baza üzrə orta ixtisas təhsil müəssisələrinin (kolleclərin) müsabiqəsində də iştirak hüququna malikdirlər.