Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı həyata keçirilib. Nazirliyin rəhbərinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev Aparat rəhbəri təyin edilib.

Hikmət Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib.

1994–1995-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1997-ci ildən etibarən dövlət qulluğunda çalışaraq Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə fəaliyyət göstərib.

O, COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi beynəlxalq tədbirin təşkilati və inzibati proseslərində iştirak edib. Bu təyinatdan əvvəl Heydər Əliyev Mərkəzində direktorun müşaviri kimi çalışırdı və strateji planlaşdırma, institusional koordinasiya sahələrində təcrübəsi ilə tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 22 iyun 2019-cu il tarixli Prezident sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Hazırda Dövlət qulluğunun baş müşaviridir.