İnfeksionist-həkim Aytən Zeynalova hepatit B və C viruslarının bəzən uzun müddət heç bir əlamət vermədən orqanizmdə qala biləcəyini xəbər verir.
“Çox zaman insanlar düşünür ki, qaraciyər xəstəliyi yalnız müəyyən əlamətlərlə özünü göstərir. Amma hepatit B və C-nin ən təhlükəli xüsusiyyəti odur ki, bu viruslar uzun illər heç bir əlamət vermədən orqanizmdə qala bilər. Uşaq və ya böyüklər özünü tam sağlam hiss edə bilər, amma virus qaraciyərdə zədələnmə prosesini davam etdirə bilər”.
Həkimin sözlərinə görə, ölkədə hepatit B və C diqqət tələb edən infeksiyalardandır və yoluxma yollarını bilmək, vaxtında yoxlanışdan keçmək xəstəliyin erkən mərhələdə aşkarlanması üçün əhəmiyyətlidir.
Əlamətlər meydana çıxanda müraciət üçün göstəricilər arasında uzun müddət davam edən halsızlıq, iştahsızlıq, ürəkbulanma, qarın nahiyəsində, xüsusilə sağ qabırğaaltı bölgədə ağrı və narahatlıq, dərinin və gözlərin saralması, həmçinin sidiyin tündləşməsi qeyd olunur.
Həkim bildirir ki, hepatit xəstəliyində çox vaxt heç bir şikayət olmur: “Buna görə risk qruplarında olan şəxslər yalnız simptom gözləməməlidir. Hamiləlik dövründə hepatit B yoxlanışı xüsusilə vacibdir, çünki ana virus daşıyıcısı olarsa, körpəyə keçmə riskini azaltmaq üçün vaxtında tədbirlər görülə bilər. Qan köçürülməsi, əməliyyat, steril olmayan tibbi prosedurlar, tatu və pirsinq, ailədə hepatit xəstəsinin olması kimi hallar da risk yarada bilər.
Müasir tibbdə hepatit B və C aşkarlanması üçün sadə qan analizləri mövcuddur. Hepatit B üçün HBsAg, hepatit C üçün isə anti-HCV testi istifadə olunur.
Ən yaxşı profilaktika yolu məlumatlı olmaq, peyvəndləri vaxtında etdirmək və risk mövcuddursa gecikmədən müayinə olunmaqdır. Vaxtında aşkar edilən hepatitin nəzarətdə saxlanılması və ağırlaşmaların qarşısının alınması mümkündür.