Görkəmli bəstəkar və Xalq artisti, professor Tofiq Bakıxanov vəfat edib.

Məlumat ailə tərəfindən bildirilib.

Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabrın 8-də tarzən və Azərbaycanın Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya gəlmişdir.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki onillik musiqi məktəbində almış, sonradan konservatoriyada həm skripka, həm də bəstəkarlıq ixtisasları üzrə təhsilini davam etdirmişdir.

Sənətçi 1990-cı ildə Xalq artisti fəxri adına layiq görülmüş və Prezident İlham Əliyevin sərəncamları ilə "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Əmək" ordenləri ilə təltif olunmuşdur.

Tofiq Bakıxanov yarım əsrdən artıq müddət ərzində Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. Onun yaradıcılığında əsasən kamera-instrumental və simfonik janrlar üstünlük təşkil edir.

Bəstəkarın zəngin irsinə üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), Nəriman Məmmədovla birgə yazdığı üç musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər üçün simfonik orkestrlə 25 konsert, 20 sonata, beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), səkkiz simfoniya, altı simfonik poema, kamera musiqisi üzrə 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər və 100-dən çox mahnı və romans daxildir.