18 avqust saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələri üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi açılacaq.

Namizədlər 21 avqust saat 17:00-dək miq.edu.az/director linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Müsabiqə mərkəzləşdirilmiş formada, proqram təminatı üzərindən təşkil olunacaq və seçim ilə müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində təqdim olunan məlumatlar və sənədlərin düzgünlüyü yoxlanılacaq; bu mərhələni uğurla tamamlayanlar müsahibəyə dəvət ediləcəklər.

Müsahibələr Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar üzrə dəyərləndiriləcək.

Namizədlər müsabiqənin nəticələrini şəxsi səhifələri vasitəsilə izləyə biləcəklər. Müsabiqədə uğur qazananlarla əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.