Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial media paylaşımında ixtisas seçimi mərhələsində olan abituriyentlərə bir neçə müşahidəsini çatdırıb və əsas tövsiyəsinin ödənişli məsləhət xidmətlərinə tələsməmək olduğunu bildirib.

O qeyd edib ki, DİM-in Abituriyent Məsləhət Mərkəzləri və səyyar xidmətləri abituriyentlərə tamamilə pulsuz dəstək göstərir. Abbaszadə vurğulayıb ki, bu məsləhətlər yalnız ümumi xarakter daşımır, hər bir abituriyentin nəticəsi və DİM-in rəsmi məlumat bazasındakı göstəricilər nəzərə alınmaqla verilir.

Mərkəzlərdə çalışanların ixtisas seçimi və qəbul qaydaları barədə kifayət qədər biliyə və uyğun məlumatlara malik peşəkarlar olduğunu xatırladan DİM sədri, ilk növbədə rəsmi məsləhət xidmətinə müraciət edilməsini, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacın qiymətləndirilməsini tövsiyə edib.

Abbaszadə abituriyentlərə ixtisas seçiminə başlamazdan əvvəl özlərinə verilməsi vacib olan beş sualı təqdim edib: nə istədiklərini müəyyən etmək; nəticələrinin hansı seçimlərə imkan verdiyini anlamaq; cari ilin statistik göstəricilərinin hansı ehtimalları əks etdirdiyini qiymətləndirmək; seçimin gətirəcəyi məsuliyyəti götürməyə hazır olub-olmamaq; əsas plan alınmasa alternativ variantın nə olacağını müəyyənləşdirmək.

O əlavə edib ki, ixtisas seçimi yalnız “hara qəbul ola bilərəm?” sualından ibarət olmamalıdır; fərdin arzuları, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır. Həmçinin heç kəsin müəyyən ixtisasa qəbul haqqında zəmanət verə bilməyəcəyini qeyd edərək, keçid balları və nəticələrlə bağlı “xüsusi məlumat” vəd edən şəxlərə inanılmamasını tövsiyə edib.

DİM sədrinin sözlərinə görə, qəbul prosesi ilə bağlı rəsmi məlumatlar açıq və hamı üçün əlçatandır; heç kimin əlində gizli və ya eksklüziv keçid balları və ya əvvəlcədən müəyyən edilmiş nəticələr yoxdur.

Abbaszadə həmçinin bildirmişdir ki, Abituriyent Məsləhət Mərkəzlərinə ilk gün ərzində 5 mindən artıq müraciət daxil olub, bu da xidmətə tələbatın yüksək olduğunu göstərir.

Nəticə olaraq, ixtisas seçiminin vacib qərar olduğunu vurğulayan DİM sədri abituriyentləri qorxu, tələskənlik və zəmanət vədləri əsasında deyil, rəsmi məlumat və düzgün təhlil əsasında qərar verməyə çağırıb və əvvəlcə etibarlı rəsmi mənbələrdən istifadə edilməsini məsləhət görüb.