Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi Bir, HoReCa (otel, restoran, kafe/ketrinq) sahəsində müştəri təcrübəsini yaxşılaşdırmaq məqsədilə İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA) və “Clopos” startapı ilə strateji əməkdaşlığa başlayıb.

Tərəflər arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində xidmət sektoruna yönəlmiş başdan-başa (end-to-end) onlayn rəqəmsal həll tətbiq ediləcək. Bu həll Bir ekosisteminin infrastrukturuna əsaslanaraq sifarişdən ödənişə qədər proseslərin rəqəmsallaşmasını təmin edəcək.

Yeni sistemin mərkəzində vahid QR mexanizmi dayanır: qonaq masadakı QR kodu oxuyaraq menyuya çıxış əldə edəcək, gözləmədən sifariş verə, hesabı Bir Pay və digər ödəniş vasitələri ilə ödəyə və rəqəmsal şəkildə bəxşiş əlavə edə biləcək.

Tətbiq olunan həll həm müştərilər üçün daha sürətli və rahat xidmət yaratmağı, həm də iaşə obyektlərinin sifariş və ödəniş axınlarını optimallaşdırmağı, eləcə də əməliyyat idarəçiliyini effektivləşdirməyi hədəfləyir. Tərəfdaşlığın əsas məqsədi texnoloji imkanları, ödəniş infrastrukturu və HoReCa bizneslərini birləşdirərək sektorun rəqəmsal transformasiyasına və davamlı ekosistem formalaşmasına dəstək olmaqdır.

Bir ekosistemi 2025-ci ildə fəaliyyətə başlayıb və hazırda 5 milyondan çox istifadəçiyə xidmət göstərir. Sistemə Birbank mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsi daxildir. Əlavə olaraq, Bir Trendyol Azərbaycan və BakıKart ilə strateji tərəfdaşlıqlar qurub.

Bu əməkdaşlıq nəticəsində HoReCa sahəsində rəqəmsal ödənişlərin tətbiqi genişlənəcək və müştəri təcrübəsi yeni səviyyəyə çıxarılacaq.