İspaniyanın "Barselona" klubu azad agent olan Portuqaliya millisinin müdafiəçisi Juan Kanselu ilə müqavilə bağlayıb. Sənədləşmə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

32 yaşlı futbolçu komandayla azad agent statusunda razılığa gəlib. Kanselu daha əvvəl kataloniyalıların sıralarında icarə əsasında çıxış etmişdi.

O, 2023/2024 mövsümündə "Mançester Siti"dən İspaniyaya icarə ilə keçərək həmin mövsümdə 42 oyunda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Daha sonra Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transfer olunan Kanselu 2026-cı ilin yanvarında yenidən İspaniya təmsilçisinə icarə əsasında qayıdıb. Bu dönəmdə o, oynadığı 23 qarşılaşmada 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerası boyunca Kanselu "Mançester Siti" ilə yanaşı, Portuqaliyanın "Benfika", İspaniyanın "Valensiya", İtaliyanın "İnter" və "Yuventus" klublarında da çıxış edib, həmçinin Almaniyanın "Bavariya" klubunda icarə müddətində oynayıb.