Paytaxtda hazırda satılan ən yüksək qiymətli mənzil Neftçilər prospektində, Dənizkənarı parkın yaxınlığında yerləşən 9 mərtəbəli binada yerləşir.
Binanın 6-cı mərtəbəsində yerləşən 5 otaqlı mənzilin ümumi sahəsi 150 kvadrat metr təşkil edir. Mənzil təmirli vəziyyətdədir və satış qiyməti 10 000 000 manatdır; 1 kvadrat metr üçün qiymət 66 670 manat göstərilib.
Eyni qiymətə daha bir mənzil Neftçilər prospektindəki “Port Baku Residence”də təklif olunur. 32 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən 9 otaqlı mənzilin sahəsi 1 050 kvadrat metrdir və əlavə olaraq 350 kvadrat metrlik açıq terras mövcuddur. Bu mənzilin 1 kvadrat metri üçün qiymət 9 520 manatdır.
Paytaxtda satışda olan üçüncü ən bahalı mənzilin qiyməti 7 968 750 manatdır. O, Neftçilər prospektindəki “Crescent Residences”in 28-ci mərtəbəsində yerləşir, 3 otaqlı və sahəsi 375 kvadrat metrdir. Mənzilin kvadrat metr qiyməti 21 250 manatdır.
Ən ucuz təklif Səbail rayonunun “20-ci sahə” adlandırılan hissəsindədir. 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən orta təmirli mənzilin sahəsi 48 kvadrat metrdir və satış qiyməti 30 500 manat təşkil edir; bunun 1 kvadrat metri üçün qiymət 640 manatdır. Həmin mənzilin qeydiyyat sənədi ("kupça") yoxdur.
Ucuz mənzillər sırasında Binəqədi qəsəbəsindəki təklif də diqqət çəkir: yeni tikilən 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, sahəsi 33 kvadrat metr olan 1 otaqlı, təmirsiz mənzilin qiyməti 33 000 manatdır; bu mənzilin də "kupçası" yoxdur və 1 kvadrat metri 1 000 manatdır.
"Kupça"sı olan ən sərfəli mənzil Bakıxanov qəsəbəsində yerləşir. 5 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 1 otaqlı mənzilin sahəsi 23 kvadrat metrdir və satış qiyməti 40 000 manatdır (1 kvadrat metr üçün 1 740 manat).
Bundan başqa, 8 Noyabr metro stansiyasına yaxın ərazidə yerləşən və əvvəllər yataqxana kimi istifadə olunan 2 mərtəbəli binanın 2-ci mərtəbəsində olan 1 otaqlı mənzil də satışdadır. Ümumi sahəsi 11 kvadrat metr olan bu mənzilin qiyməti 39 000 manatdır və 1 kvadrat metri 3 550 manat təşkil edir.