Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Şirinlinin cinayət işi üzrə yekun iclas keçirilib.
Hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə ittiham tərəfi təqsirləndirilənin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Müşavirədən sonra hökm elan olunub: Namiq Şirinli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2025-ci il sentyabrın 25-i, Bakının Sabunçu rayonunda yerləşən restorandan birində baş verib. İstintaqa görə, Namiq Şirinli Babək və Asəf Qazıyevlərin oturduğu masaya yaxınlaşaraq onlardan pul tələb edib.
Pul tələbini rədd edən kişilərlə mübahisə edən şübhəli yüksək səsdə nalayiq ifadələr işlədib və daha sonra cibindən çıxardığı bıçaqla Babək və Asəf Qazıyevlərin qarın nahiyələrinə zərbələr endirib.
Faktla bağlı cinayət işi başlanılıb. Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü maddəsi (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) ilə ittiham edilib.