Bakıda üç şəhər poliklinikasının fəaliyyətinin birləşdirilməsi planlaşdırılır.

TƏBİB tərəfindən təsdiqlənən qərara əsasən, 9, 21 və 27 saylı poliklinikalar vahid müəssisə kimi fəaliyyət göstərəcək.

Qurumun açıqlamasında qeyd olunub ki, bu addım sözügedən tibb müəssisələrinin eyni ərazidə yerləşməsi və inzibati funksiyalarının qarşılıqlı əlaqəli olması nəzərə alınaraq atılır. Yeni idarəetmə modelinin tətbiqi məqsəd olaraq təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılmasını, resursların daha səmərəli bölüşdürülməsini və tibbi xidmətlərin təşkili sahəsində təkmilləşməni göstərir.

Bildirilir ki, keçidlə əlaqədar hər üç müəssisənin mövcud ştat strukturu, funksional bölünməsi və faktiki kadr ehtiyacı yenidən qiymətləndiriləcək. Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə sahəsində çalışan əməkdaşları əhatə etməsi gözlənilir.

Həmçinin vurğulanıb ki, bütün kadr qərarları müəssisələrin real fəaliyyət və xidmət tələbləri əsasında qəbul olunacaq. Əmək müqaviləsinə xitam yalnız işçinin öz təşəbbüsü ilə və şəxsi müraciəti əsasında mümkün sayılır; struktur dəyişiklikləri nəticəsində əmək münasibətlərində hər hansı dəyişikliklər isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək.

Hər bir əməkdaşla bağlı qərarlar fərdi qaydada, onun ixtisası, peşəkarlıq səviyyəsi və müəssisələrin faktiki kadr ehtiyacı nəzərə alınmaqla qəbul ediləcək.