Rəsmi statistikaya əsasən, Azərbaycanda 15 yaşdan yuxarı şəxslərin yalnız 40.4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Qalan əhali artıq çəki və piylənmə kateqoriyalarına daxildir.
15 yaşdan yuxarı əhalinin 48.2 faizi artıqçəkili (BKİ 26–30), 10 faizi isə piylənmə (BKİ 31 və yuxarı) vəziyyətindədir. Normadan az çəkiyə malik şəxslər cəmi 1.4 faiz təşkil edir.
Yaş qruplarına görə fərqlər müşahidə olunur: 45–64 yaş aralığında insanların 61.1 faizi artıqçəkili, 16.6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı şəxslər arasında artıqçəkiliyin payı 61 faiz, piylənmə isə 18.6 faizdir.
Cinslər üzrə statistika da fərqlidir. Kişilərin 53.7 faizi artıqçəkili, 9.3 faizi piylənmə ilə xarakterizə olunur. Qadınlarda isə 43.2 faiz artıqçəkili, 10.7 faiz piylənmə göstərilib.
Orta göstəricilər belədir: 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69.7 kiloqram, orta boyu 167.5 santimetrdir. Kişilərin orta çəkisi 73.7 kiloqram, qadınların isə 66.1 kiloqram təşkil edir.
Məlumatlar əhalinin bədən kütlə indeksi üzrə cari vəziyyəti əks etdirir və yaş artdıqca artıq çəki və piylənmə hallarının daha çox müşahidə edildiyini göstərir.