Yeni tədqiqatlar göstərir ki, isti hava dalğaları gün batdıqdan sonra da təsirlərini saxlayır və gecə temperaturunun artması insan orqanizminə ciddi yük gətirir. Bu dəyişikliklər yuxu keyfiyyətinin pisləşməsindən tutmuş ürək-damar sisteminin əlavə stressə məruz qalmasına qədər müxtəlif sağlamlıq problemlərinə səbəb olur.
Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına əsaslanan araşdırmaya görə, 1970-ci illərdən bəri ilin ən isti on gecəsində qeydə alınan minimum temperatur hər on ildə təxminən 0,32 dərəcə yüksəlib. Eyni zamanda, temperaturun gecə ərzində 20 dərəcədən aşağı düşmədiyi "tropik gecələrin" sayı hər onillikdə təxminən iki gün artıb.
Normal yuxu zamanı ürək döyüntüləri zəifləyir, bədən istiliyi azalır və sinir, immun və ürək-damar sistemləri bərpa olunur. Lakin yataq otağının çox isti olması bədənin artıq istiliyi kənarlaşdırmasına mane olur, nəticədə damarlar genişlənir və ürək daha çox işləməlidir. Güclü tərləmə maye itkisini artırır, bu isə yuxuya getməni çətinləşdirə, gecə ərzində tez-tez oyanmalara və yuxunun keyfiyyətinin pisləşməsinə gətirib çıxara bilər.
Avropa üzrə müşahidələrə görə, isti günləri isti gecələr izlədiyi dövrlərin sayı 1970-ci illərdən bəri 73 faiz artıb. Bir neçə gecə ardıcıl isti qalma halda isə bədənin gecə boyunca kifayət qədər bərpa olunmaması sağlamlığa düşən riskləri daha da artırır.
Mütəxəssislərin isti gecələrdə yuxunu rahatlaşdırmaq üçün tövsiyə etdiyi tədbirlər aşağıdakılardır:
- Gecə çöldə hava soyuduqda pəncərələri açaraq otağın havalanmasını təmin edin.
- Gün ərzində pərdə və jalüzləri bağlayıb birbaşa günəş işığının daxil olmasını məhdudlaşdırın.
- İncə örtüklərdən və yüngül, nəfəs alan yataq dəstlərindən istifadə edin.
- Yatmazdan əvvəl sərin duş qəbul etmək bədənin temperaturunun aşağı düşməsinə kömək edə bilər.
- Gün ərzində kifayət qədər su içməyi unutmayın və alkoqol, kofeindən mümkün qədər çəkinin.
- Əgər yatdığınız otaq çox isti olarsa, evin daha sərin hissəsində yatmağı düşünün.
- İstilik yaradan və istifadə olunmayan elektrik cihazlarını söndürərək əlavə istilik mənbələrini aradan qaldırın.
Ümumdünya Səhiyyə Təşkilatı gecə vaxtı otaq temperaturunun imkan daxilində 24 dərəcədən aşağı saxlanmasını tövsiyə edir. Alimlər bildirirlər ki, isti gecələr sadəcə yuxu narahatlığı yox, həm də sağlamlıq üçün ciddi məsələdir və ona uyğun tədbirlər görmək vacibdir.